AZE | RUS | ENG |

Ya Paşinyan deyir, XİN rəhbəri təkzib edir, ya da...

Ya Paşinyan deyir, XİN rəhbəri təkzib edir, ya da...
Ermənistan hakimiyyətinin acınacaqlı durumunu mətbuat da ələ salır

Erməni mediası və siyasiləri Nikol Paşinyanın sərsəm, məntiqsiz, peşəkarlıqdan uzaq bəyanat və açıqlamalarını şərh etməkdədir. Onun daha çox publikanı ələ almağa yönəlik populist bəyanatlarının sonradan digər komanda üzvlərinin səsləndirdikləri fikirlərlə ziddiyyət təşkil etdiyi xüsusi vurğulanır. Məsələn, "1in.am” erməni saytı yazır ki, xarici işlər naziri Zohrab Mnaçakanyan bir neçə gün bundan əvvəl Batumidə keçirilən tədbirlərdən birində iştirakçıları inandırmağa çalışıb ki, Ermənistan 2018-ci ilin aprel və mayında demokratik inkişafın gücünü, dərinliyini nümayiş etdirmiş oldu. "Bütün bunlar bir gecədə baş verə bilməzdi. Uzun illər ictimai institutların, vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri və dövlət institutlarının simasında baş verib”, - deyə nazir bildirib.
 
Sayt xatırladır ki, nazir bu sözləri kifayət qədər ciddi auditoriya qarşısında edib. Lakin dərhal da ardınca baş nazirin səsləndirdiyi bəyanata keçilir. "Paşinyan Ermənistanın institusional ific vəziyyətində olduğunu, dövlətin institusional planda məhv olmaq qarşısında olduğunu bildirir. Bu, artıq baş nazirin xarakteristikasıdır. Belə çıxır ki, bir ay əvvəl Batumidə XİN rəhbəri ölkənin dövlət idarəçilik sistemini, onun institutlarını vəsf edir, üstündən bir neçə həftə sonra isə baş nazir institusional fəlakətdən, iflic vəziyyətindən danışır. Belə halda iki məmurdan hansının düz danışdığını bəyan etmək özü mənasız bir işdir. Fakt odur ki, XİN rəhbəri bir fundamental məsələdə baş nazirin fikirlərini təkzib edir və bu səbəbdən də o, istefa verməlidir. Əgər Mnaçakanyan hesab edirsə ki, düz danışıb, onda bir növ Paşinyanın cinayət törətdiyini etiraf etmiş olur. Bu o deməkdir ki, il yarım ərzində ölkəni institusional böhran həddinə gətirib çıxardıb. XİN rəhbərinin "şanlı” məntiqindən çıxış etsək, deyə bilərik ki, Paşinyan cinayət məsuliyyətinə yol verib”, - deyə məqalədə bildirilir. Portal yazır ki, XİN rəhbərinin söylədiklərinin reallıqla heç bir əlaqəsi yoxdur: "Məsələn, əgər Serj Sarkisyanın qurduğu sistem dərin böhran vəziyyətində olmasaydı, onda Ermənistanda nəzəri cəhətdən inqilab da baş verməzdi. Lakin XİN rəhbəri bu obyektiv həqiqəti nəzərə ala bilməməkdə günahkar deyil. Fakt faktlığında qalır ki, Mnaçakanyan və onun sistemindəki diplomatlar düşüncə tərzi və iş stilləri, kadr resursları və xarici siyasət düşüncələrinə görə, köhnə Ermənistanda qalıblar”. Ən maraqlısı odur ki, portal etiraf edir ki, Ermənistanda inqilab, xarici siyasət sahəsində hər hansı bir divident gətirə bilməyib. Qısası desək, XİN Ermənistanı bataqlığa sürükləyən qurumlardan birinə çevrilir.
 
Öz növbəsində "Joxovurd” qəzeti yazır ki, artıq bir neçə gündür, Ermənistanın siyasi səhnəsində baş nazirin ölkənin iflic vəziyyətində olduğu barədə dedikləri müzakirə olunur: "Bu bəyanat müxtəlif siyasi qüvvələr arasında ciddi ajiotaj doğurub. Əvvəlki hakimiyyət bilmək istəyir ki, söhbət hansı sənəddən gedir. Hakimiyyət ehtiyat edir ki, bu sənədləri elan etməklə narazılıqlar yarana bilər. Lakin məsələ ondadır ki, onun dərcini digər siyasi qüvvələr də tələb edir”.
Öz növbəsində sabiq baş nazir Qrant Baqratyan da sosial şəbəkədə yazdığı statusda baş nazir Nikol Paşinyanın, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən rəqəmləri saxtalaşdırdığını bəyan edib. "Arminfo” xəbər verir ki, eks-baş nazir, Paşinyanın bu ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafı ilə bağlı səsləndirdiyi rəqəmlərin narahatçılıq doğurduğunu bildirib. Baqratyanın qənaətincə, ümumdaxili məhsulun 6,5 faiz təşkil etməsi barədə səslənən rəqəm stabil göstərici deyil. Belə ki, ötən ilin aprel, may aylarındakı göstərici bundan yüksək idi. Ötən ilin müvafiq dövründə bütün sahələr üzrə göstəricilər - 9,7, 9,2 və 7,1 faiz idi. İqtisadi siyasət əvvəlki tək qalıb. Bu hakimiyyətin iqtisadi siyasəti əvvəlki hakimiyyətin siyasətindən heç nə ilə fərqlənmir. Heç bir iqtisadi inqilabdan danışmağına dəyməz.
 
Onun sözlərinə görə, hakimiyyətin əldə etdiyi bir sıra iqtisadi göstəricilər də sırf oyun biznesi və avtomobil ticarətidir: "Lakin onlar bilmirlər ki, bu spekulyativ xarakter daşıyır və ümumdaxili məhsulun inkişafını göstərə bilməz. Bütün bu sahələr müvəqqəti xarakter daşıyır”. Q.Baqratyanın qənaətincə, makroiqtisadi göstəricilər də şübhə doğurur: "Bu da Milli Statistika Komitəsini rəqəmləri saxtalaşdırdığını deməyə əsas verir”. O, konkret bir sıra sahələr üzrə hansısa bir göstərici ortaya qoyulmadığını diqqətə çatdırıb. O ki qaldı baş nazirin yeni iş yerlərinin yaradıldığı barədə fikirlərinə - Baqratyan bunların da həqiqətə uyğun olmadığını bildirib: "Bəli, yeni iş yerləri yaradılıb, lakin tez bir zamanda da bağlanıb. Cinayətkarlığın da səviyyəsi yüksəlib. Doğum səviyyəsi aşağı düşüb. Əhali səviyyəsi azalmağa doğru gedir. Miqrasiya ilə bağlı dəqiq bir rəqəm gətirilmir. Lakin Rusiya mənbələrinə əsasən, miqrasiya 2,5 dəfə artıb. Əməkhaqqında artım olsa da, qiymətlər iki dəfə artıb”.
 
Beləliklə, yaranmış durum belədir ki, Ermənistanda vəziyyət əvvəlki rejimin idarəçiliyindən heç nə ilə fərqlənmir. Əksinə, daha da pisləşməyə doğru gedir. Müxalifətə qarşı hücum səngimir, populist bəyanatlar gündəmi tutub. Baş nazirin sərsəm fikirləri isə onsuz da  ağır vəziyyətdə olan ölkəni daha da uçuruma doğru sürükləməkdədir. Aydın görünür ki, hakimiyyətdə sistemləşdirilmiş idarəçilik yoxdur. Bu gün XİN rəhbərinin dediyini sabah Paşinyan təkzib edir. Daha sonra isə Paşinyan deyir, XİN rəhbəri təkzib edir. Əsl məzhəkədir!
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946